ABŞ-da Azərbaycan mədəniyyətinə böyük maraq var

ABŞ-da Azərbaycan mədəniyyətinə böyük maraq var

Amerikada Azərbaycan mədəniyyətinə böyük maraq var və keçirilən təbliğat tədbirləri sayəsində bu maraq daha da artır. Amerikalılar artıq bilirlər ki, Azərbaycan zəngin və qədim mədəniyyətə, tarixə malik bir xalqdır. Bu sahədə Heydər Əliyev Fondunun diaspora fəal dəstəyinin, köməyinin böyük rolu var.

Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gördüyümüz işlər çoxdur. Tez-tez konsert proqramları, sərgilər təşkil edirik. Bir neçə il öncə Azərbaycanın Xalq artisti Rauf Abdullayevin rəhbərlik etdiyi kamera orkestrini Amerikaya dəvət etdik və kollektiv Vaşinqtonda konsert proqramı ilə çıxış etdi.

Tanınmış kamança ustası, Xalq artisti Habil Əliyevin də Amerikanın beş şəhərində konsertini təşkil etmişik. Bu yaxınlarda isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Amerika Azərbaycanlıları Şəbəkəsi birlikdə Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə konsert proqramları təşkil etdik. Amerikanın Hyuston, San-Fransisko, Nyu-York, Çikaqo, Texas, Los-Anceles və digər şəhərlərində çoxlu diaspor şəbəkələri fəaliyyət göstərir, onlar Azərbaycan mədəniyyətini təbliğ edən müxtəlif tədbirlər keçirirlər. Bu tədbirlər Azərbaycanın Vaşinqtondakı səfirliyi və Los-Ancelesdəki konsulluğu ilə birgə həyata keçirilir.

İnsanlar bir-birilərini məhz mədəniyyət vasitəsilə tanıyırlar. Dünyada millətlər də bir-birilərini mədəniyyətlə tanıyır və onun vasitəsilə müəyyən bir imic formalaşdırırlar. Bu baxımdan Azərbaycan xalqının qədim, zəngin mədəniyyəti ölkəmizin müsbət imicinin formalaşmasında çox mühüm amildir. Xalqımız bəşər mədəniyyətinə böyük töhfələr bəxş edib. Azərbaycan öz mədəniyyətini, incəsənətini, musiqisini dünyaya iki istiqamətdə çatdıra bilir. Biri öz milli simasında, digəri də ümumbəşəri mədəniyyətin simasında. Hesab edirəm ki, hər iki istiqamətdə işləri davam etdirmək lazımdır.

Paylaş

Şərh Yaz